
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit poll” keçirmək üçün daha bir təşkilat müraciət edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, seçkilərdə “exit poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib: “Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində “exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib. Qərar səsverməyə çıxarılaraq qəbul edilib”.
Xatırladaq ki, bundan öncə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Onların müraciətlərinə baxılaraq müsbət cavab verilib.
