Sizin reklam burada
Sizin reklam burada

“Xalq Sığorta” ASC yol polisini rüşvətxorluqda ittiham edir- ŞOK/FAKT

“Xalq Sığorta” ASC yol polisini rüşvətxorluqda ittiham edir- ŞOK/FAKT



Məlumdur ki, Azərbaycan Respublikasının sığorta bazarında ən iri iştirakçılarından biri olan “Xalq Sığorta” ASC, 2005-ci ildən ölkəmizdə fəaliyyətə başlayıb. Çoxşaxəli filial şəbəkəsinə malik olan bu şirkət ilk gündən partnyor və müştərilər qarşısında üzərinə götürdüyü öhdəlikləri, onların maraqlarının mühafizəsini və s. vaxtlı-vaxtında yerinə yetirməyə borclu olsa da, son vaxtlar bir çox müştərilərin “Xalq Sığorta” ASC ilə bağlı ifadə etdikləri narazılıqlar “pik nöqtə”yə çatmaq üzrədir. ASC-dən kəskin narazılığını ifadə edən müştərilərdən biri də, Goranboy rayonu, Şəfibəyli kənd sakini Mustafa Cəmil oğlu Kərimzadədir. Belə ki, bir neçə gün bundan öncə adı çəkilən bu şəxs tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub. Mustafa Kərimzadə şikayət ərizəsində qeyd edir: “04 mart 2021-ci il tarixdə Bakı-Qazax avtomobil yolunun 291-ci km-də, yəni Yevlax şəhərinin Səmədabad kəndi ərazisində mənə məxsus 90-ES-461 dövlət nömrə nişanlı, “Mersedes-Benz” markalı avtomobillə qəzaya düşdüm. Qəzaya səbəb, idarə etdiyim avtomobilin 20-EH-763 dövlət nömrə nişanlı “Volsvagen-Passat” markalı avtomobillə toqquşması oldu. Çox keçmədi ki, qəza hadisəsinin baş verdiyi əraziyə yol polisi əməkdaşları gəldilər və onlar hadisə yerinə baxış keçirdilər. Bu yöndə aparılan araşdırmalar zamanı təqsirin məndə olmadığı aşkar olundu. Belə bir səbəbdən də, yol polisi əməkdaşları 20-EH-763 dövlət nömrə nişanlı “Volsvagen-Passat” markalı avtomobili idarə edən Akif Ağalar oğlu Qasımova qanunamüvafiq qaydada cərimə yazdılar. Bundan əlavə, yol polisi əməkdaşları forma-3 və forma-4 nömrəli aktlar da tərtib edib, məhz həmin aktları “Xalq Sığorta” ASC-nə göndərdilər.

Hadisənin baş verdiyi gündən bir ay on gün ötməsinə baxmayaraq, hələ də “Xalq Sığorta” ASC nə avtomobilimi təmir etdirir, nə də ki, avtomobilimə dəymiş ziyanı müəyyən edir. Belə bir problemlə bağlı ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən baş ofisinə iki dəfə müraciət etsəm də, indiyə kimi etdiyim müraciətlərin heç bir nəticəsi olmayıb. Yəni, Xalq Sığorta” ASC-nin rəhbərliyi hər dəfə mənə minbir bəhanələr danışmış və mədəni şəkildə avtomobilimi təmir etdirməkdən boyun qaçırmışdır. Qarşı tərəf səsləndirdiyi bəhanələr sırasında kamera görüntüsünün olmadığı, 20-EH-763 dövlət nömrə nişanlı “Volsvagen-Passat” markalı avtomobili sahibinin idarə etmədiyi, guya mənim yol polisi əməkdaşlarına rüşvət verib marağıma cavab verən sənədləşmə işlərini həyata keçirdiyimi, bundan əlavə idarə etdiyim avtomobilin başqa bir yük maşını ilə toqquşduğunu qeyd edirlər. Hansı ki, bu cür ittihamların, əsassız bəhanələrin heç bir əsası yoxdur. Əslində “Xalq Sığorta” ASC-nin rəhbərliyi bu cür addımlarını atmaqla, məhz müştərilər qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Artıq bir müştəri olaraq mənim bu ASC-nə olan inamım heçə enib”.

Bütün bunlar onu göstərir ki, “Xalq Sığorta” ASC fiziki şəxslərin sosial və əmlak maraqlarının qorunması istiqamətində çoxsaylı qanun pozuntularına yol verir və fəaliyyətini Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu ilə tənzimləmir. Yəni, adı çəkilən bu şirkət müştəriyə məxsus əmlaka dəymiş ziyanı vaxtında ödəmir, müştərinin sığorta maraqlarını və sosial müdafiəsini təmin etmir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.

Xeberfakt.Az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ