Sizin reklam burada
Sizin reklam burada

150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb

150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb





“150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb”​.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu bal tələbi ilə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək mümkündür:

“Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə abituriyentlərin ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə minimum 100 olmalıdır.

I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbul mümkündür.

Bundan başqa, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları da bu siyahıya əlavə edilib”.

DİM sədri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak mümkündür:

“II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul mümkündür. 2026-cı ildən etibarən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da bu siyahıya daxil edilib.

III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir”.

Məleykə Abbaszadə bildirib ki, IV ixtisas qrupu üzrə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür: “Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər”.

  • Sosial şəbəkədə paylaş