
Özünü “müxalif jurnalist” kimi qələmə verərək Böyük Britaniyadan siyası sığınacaq istəyən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov bu ölkədə seksual qısnama cinayətinə görə mühakimə olunub. “Daily Mail” nəşri xəbər verir ki, Zeynalov Azərbaycanda “jurnalistika ilə məşğul olduğunu və hakim partiyanı tənqid etdiyi üçün təqiblərə məruz qaldığını” iddia edərək bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət edib. Onun müraciətinə baxılması prosesinin davam etdiyi bir vaxtda bu şəxs Stok-on-Trent şəhərində əqli qüsurlu qadına qarşı seksual xarakterli hərəkətlər edib (mənbə: Virtualaz.org).
Belə ki, qadın şirniyyat mağazasına daxil olarkən Zeynalov ona yaxınlaşıb, birlikdə içməyi təklif edib. Qadın ona rədd cavabı verib, amma Zeynalov bir butulka araq alıb və qadın mağazadan çıxanda onu təqib etməyə başlayıb. Dövlət ittihamçısı Ben Lourens bildirib ki, bu şəxs qadını Müqəddəs Mark kilsəsinin arxasına dartıb aparıb. Və orada ona qarşı zorla seksual xarakterli hərəkətlər edib, qadın Zeynalovun əlindən çıxıb evlərinə gedə bilib və baş verənləri anasına danışıb. Anası isə polisə müraciət edib. Və Zeynalovu tezliklə həbs ediblər.
Qadın məhkəmədə deyib: “Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Amma baş verənlərdən sonra ora getməkdən qorxuram. İndi küçədə tanış olmayan kişilər görəndə narahat oluram. Baş verənlərdən sonra anam mənə görə çox narahatdır”.
Bildirilir ki, Ceyhun Zeynalov üç uşaq atasıdır. Siyasi sığınacaq barədə müraciət etdiyi üçün ona ayda 198 funt sterlinq verirlər. 13 illik birgə nikahdan sonra Zeynalov ailəsindən ayrı yaşayır. Əvvəlcə o, günahını boynuna almayıb, amma sonra hər şeyi etiraf edib. Hakim Zeynalovu hökmün icrası 18 ay təxirə salınmaq şərti ilə 10 aylıq həbsə və 30 günlük reabilitasiyaya məhkum edib. Habelə, o, alkaqol asılılığından 6 ay müalicə almalı, 120 saat məcburi əməklə məşğul olmalıdır. Bundan əlavə, Zeynalovun adı seksual zəmində cinayətlər törədən şəxslər siyahısına salınıb və 10 il bu siyahıda qalacaq.
Qeyd edək ki, Azərbaycan mənbələrində bu şəxsin jurnalist fəaliyyətinə dəlalət edən heç bir fakta, məlumata rast gəlinmir. Eləcə də həmkarlar arasında onu tanıyan yoxdur. Bəs İngiltərə belə saxta “müxalifətçilərə” necə sığınacaq verir? Müraciət edənlər hansısa prosedurdan keçirilmirmi? Avropada ən çətin sığınacaq verilən (iri biznesmenlərdən və oliqarxlardan başqa) yerlərdən biri İngiltərədir...
DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev bu şəxsi tanımadığını söylədi: “Miqrasiya məsələsində praktika çox qarışıqdır. Hər ölkədə müxtəlif cür praktika var. İngiltərəyə hətta viza almaq məsələsi belə müşküldür. Çünki o, Şengen vizasına daxil deyil. İngiltərə Avropanın özündən də qovulub. Özüm İngiltərədə olmuşam. Orada miqrantlar çoxdur. Özü də Afrika və Orta Asiyadan gələnlər hədsiz çoxdur. Orada hara gedirsən onlara rast gəlirsən. Hiss edirsən ki, onlar polis deyillər. İngiltərənin siyasətini başa düşmək çətindir ki, onlar hansı ölkələrə miqrant məsələsində daha çox üstünlüklər verirlər. Bilirsiniz ki, Londonun meri Pakistan əsilli olan şəxsdir. Bu fakt da çox sualın cavabıdır. Bildiyimiz qədəri ilə keçmiş sovet ölkələri ilə bağlı orada miqrant məsələsi çox qəlizdir. Bu, Azərbaycana da şamil olunur. Açığı, hər hansı bir azərbaycanlı miqrantın orada olmasını eşitməmişəm. Tanıdığım adamlar var ki, orada oxuyublar, elmi, hüquqi işlərlə məşğuldurlar. Burada da söhbət siyasi miqrantdan getmir, ağıllardan gedir. Çalışırlar ki, müxtəlif ölkələrdən olan alimləri, hər hansı bir sahənin peşəkarlarını öz ölkələrinə çəksinlər. Bu siyasət də başa düşüləndir. Mövzunuzda adı keçən şəxsin adını oxudum, tanımadım. Bilirsiniz ki, siyasi işlərdə həddindən artıq çox olmuşam. Hər zaman siyasi proseslərin içərisində yer almışam.
Çoxlu sayda ictimai-siyasi fəalları müdafiə etdiyim üçün proseslərin içərisində yer almışam. Bu şəxsin ora necə gedib çıxdığını bilmirəm. İndi deyirlər ki, Londonda 8 ildir yaşayır. Ola bilsin ki, 5-6 il bundan qabaq gedib. O vaxt bir sıra Avropa ölkələri fəxarətlə miqrantları qəbul edirdi. Hətta öz ölkəsində heç bir ictimai-siyasi fəaliyyəti olmayanları belə Avropa qucaq açıb qəbul edirdi. Sonradan məlum olanda ki, bunlar daha çox dələduzdurlar, həmin ölkələrin səmimiliyindən istifadə ediblər, orada özləri üçün isti yer tapıblar, ölkələrin insanlara humanist davranışlarının sui-istifadəçisinə çevriliblər, həmin şəxslərin kütləvi şəkildə olduqları yerlərdən çıxarılması mərhələsi başladı. Bu, təkcə Azərbaycana aid məsələ deyildi. Görünür, bu şəxsin gedib Londonda özünə yer tapması həmin dövrə düşüb. 2-3 il bundan qabaq Londona heç viza da ala bilməzdi”.
Hüquqşünas Azərbaycan adına utanc gətirəcək bu hadisədən çox təsirlənib: “Bu olay orada azərbaycanlılar haqqında çox mənfi rəy, imic yaradır. Bundan çox təəssüflənirəm. Həmin məhkəmədən mütləq reportajlar olub. Çünki orada məhkəmələrdən çox yazırlar. Orada da yəqin vurğulanır ki, bu şəxs azərbaycanlıdır, miqrantdır. Azərbaycanlı olaraq mənə pis təsir edir ki, ora elm sahəsi ardınca gedən həmvətənlərimiz var, texnika sahəsində uğurlar qazanıblar, amma belə insanlar da ölkənin adını yerə vururlar, azərbaycanlılar haqqında mənfi rəyin yaranmasına səbəb olurlar. Hər halda, İngiltərə hökuməti bundan bir nəticə çıxaracaq. Yəqin ki, təsadüfi, yaxud aldatma yolu ilə orada yaşaya bilən insanlar araşdırılacaq. Elə fırıldaqçılar o ölkələrdən çıxarılacaqlar”.
Almaniyada yaşayan, miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev Azərbaycan tərəfdən bu şəxs haqqında qarşı tərəfə məlumat verilməsini çox vacib sayır: “Belə bir jurnalist tanımıram. Azərbaycanda hansı mətbuat orqanında çalışması haqqında da məlumatım yoxdur. Təbii ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti ilə məşğul olan, onların fəaliyyətlərini tənzimləyən jurnalist təşkilatları var. Onlar bu cür məsələlərə qarışmalıdırlar. Azərbaycanda belə bir jurnalistin olub-olmaması haqqında Britaniyanın müvafiq orqanlarını məlumatlandırmalıdırlar ki, orada obyektiv araşdırılma aparıla bilsin. Amma hər bir vətəndaşın qaçqın statusu üçün müraciətinə istər İngiltərə, istər Almaniya, istərsə də Azərbaycan olsun, dərhal müsbət cavab verilmir. Hər bir şəxs haqqında fərdi qaydada araşdırma aparılır. İngiltərə qaçqın statusu üçün müraciət edən şəxslər haqqında səfirliyi vasitəsilə Azərbaycanda araşdırma aparır, yoxlamaların nəticələrinə əsasən həqiqətən də müraciət edən şəxsin təqibi təsdiq olunduğu halda həmin şəxsə qaçqın statusu, yaxud sığınacaq axtaran şəxs statusu verir. Xaricdə oturum alanların çox olmasına baxmayaraq, onların təxminən 3-4%-i qaçqın statusu alır. Qalanları humanitar əsaslarla, xəstəliklərlə, ailə birləşmələri və s. əsaslarla müvəqqəti yaşayan şəxslərdir. Bu şəxs deyir ki, jurnalistəm. Azərbaycandakı jurnalist təşkilatları bir araya gəlib Britaniya səfirliyinə belə bir jurnalistin olub-olmaması barədə məlumat verə bilərlər. Bununla obyektiv araşdırmaya da yardım edilmiş olar. İstənilən halda obyektiv qərar çox vacibdir”.
