Sizin reklam burada
Sizin reklam burada

Yoluxmalarının artmasına görə məsuliyyət daşıyanlar - ekspertlərdən təklif

Yoluxmalarının artmasına görə məsuliyyət daşıyanlar - ekspertlərdən təklif



Ölkədə pandemiyanın yayılma sürəti artdıqca, arzuolunmaz hallar da ortaya çıxır. Bir tərəfdən artıq xəstəxanalarda yeni yoluxma halları ilə bağlı müraciətləri cavablandırmaq üçün imkanlar tükənir, digər tərəfdən kadr çatışmazlığı, həkimləri çətin prosesdə gözləyən təhlükə vəziyyəti daha da gərginləşdirir.

Həmçinin artıq yoluxma sayının 500-ə yaxınlaşması, buna rəğmən cəmiyyətdə hələ də koronavirusa inanmayanların və karantin tələblərinə əməl etməyənlərin olması hökumətdə əhalini tənqid edən şəxslərin sayını artırıb. Operativ Qərargahın əksər brinfinqlərində çıxışçılar vətəndaşları tənqid edərək bütün prosesin günahını onlarda görürlər. Müstəqil ekspertlər isə hesab edir ki, günahkar təkcə vətəndaş deyil.

Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu məsələdə yalnız vətəndaşları günahlandırmaq ədalətsizlikdir: “Vətəndaşların hər şeyə inamı itib. Əhalini normal maarifləndirmə sistemi olmalıdır. Bununla bağlı lazımi iş aparılmayıb. Ona görə də tək onları günahlandırmaq məsuliyyəti boynundan atmaqdır. Burada təşkilati məsələlərdə də problemlər var. Bunların hamısı analiz olunmalıdır. Hər şeyi vətəndaşları günahlandırmaqla üstündən keçmək olmaz. Hələ pandemiya bitməyib və bundan sonra nə olacağı da bilinmir”.

Ekspertin sözlərinə görə, bir müddət əvvəl hazırlıq aparılmadan karantin rejiminin yumşaldılması yanlış addım idi: “İnsanları tamamilə sərbəst buraxdılar. Daha sonra insanlar heç bir karantin davranışlarına riayət etmədən bir-birini yoluxdurdular. Hazırda böyük bir yoluxma potensialı yaranıb və çox təhlükəli vəziyyətlə üz-üzəyik. İndi evdə müalicə variantı gündəmə gəlib, xəstələrin çoxu şikayət edir ki, xəstəxanalarda yer yoxdur. Yenə yanlışlıqlar davam edir. Bu məsələ ilə bağlı təcili surətdə bir mexanizm hazırlanmalıdır.

Şənbə-bazar günlərində 2 günlük sərt karantinin də heç bir mənası olmadı. Bunu özləri də etiraf edirlər".

A.Qeybulla həmçinin vurğuladı ki, ən çox yoluxma ictimai nəqliyyatdadır və Bakı Nəqliyyat Agentliyi bu işdə məsuliyyət daşıyır: “Bu ərəfədə agentlik bütün gücünü ictimai nəqliyyatın tənzimlənməsinə, sıxlığın aradan qalxmasına, avtobuslarda dezinfeksiya işlərinin güclənməsinə yönəltməlidir. Şərait yaratmalıdır ki, insanlar məsafə gözləsinlər. Karantin dövründə necə ki, həkimlər səngərdədir, BNA əməkdaşları da zəhmət çəkib işlərini düzgün qursunlar”.

Sosioloq Əhməd Qəşəmoğlu da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, pandemiyanın birinci mərhələsində vətəndaşda günah axtarmaq düzgün idisə, ikinci mərhələdə günahın çoxu dövlət qurumlarının üzərindədir: “Hər şeyin günahını vətəndaşın üzərinə yükləmək doğru deyil. Hər hansı hökumət qurumunun məsul işçisi görür ki, əhali bu məsələlərə nə dərəcədə hazırdır. İlk növbədə bunu təhlil etmək lazımdır, elə tədbirlər həyata keçirilməlidir ki, əhalini hazırlamaq mümkün olsun. Biz birinci karantində gördük ki, Azərbaycan əhalisi karantin tələblərinə əməl etmək vərdişləri baxımından hazır deyil. O zaman məsul dövlət qurumları əhalini hazırlamaq üçün tədbirlər keçirməli idilər. Əgər bu durumu bildiyin halda, yenə əhalini tənqid edirəmsə, sonra yenə qınayıramsa, bu səhv yoldur. Çox təəssüf ki, bu məsələdə bizim də rəyimizə önəm vermədilər, mən onlarla müsahibə verdim, mətbuata danışdım. Dedim ki, maarifləndirmə aparılmalıdır, ancaq bu, 50 il öncənin metodları ilə yox, elmi təminatlı maarifləndirmə aparılmalıdır. Onu da etmədilər”.

Sosioloq vurğuladı ki, maarifləndirmə işləri elmi metodlarla aparılmalıdır: “Avropada 150 ildir sosiologiya, sosial idarəetmə, sosial psixologiya kimi elm sahələri inkişaf edir. Cəmiyyəti maarifləndirmək üçün də bu elmi metodlardan istifadə olunur. Ona görə prosesin əvvəlində əhalini günahlandırmaq mümkün idisə, indiki mərhələdə insanların üzərinə məsuliyyəti yıxmaq doğru deyil. 5 faktor rol oynayır ki, əhali inanmasın. Bunlardan biri sosial şəbəkələrin, xarici mətbuatın yazdıqlarıdır. İnsanlar görür ki, bütün millətlər koronavirusa inanmır, siyasi oyun adlandırır. Bu, kütləvi inamsızlıqda rol oynadı. Ancaq bunu heç kim təhlil edib, cavablandırmadı. Kimsə demədi ki, bu inamsızlığı yaymaq da bir təxribatdır, xəstəliyin daha geniş yayılması üçün bir addım ola bilər”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətdə inamsızlıq məqsədli şəkildə, xüsusi texnologiya ilə yayıldı: “Bir qrup insanları inanmamağa çağırırdı, onların arasında kiçik sahibkarlar, kafe-restoran sahibləri, şou-biznes nümayəndələri də var idi. Bəzi siyasətçilər, xarici qüvvələr isə belə bir informasiya yaydılar ki, bu, hökumətin işidir, bu yolla pul silirlər. Müxtəlif texnologiyalarla cəmiyyətdə inamsızlıq yaydılar. Ancaq buna qarşı ciddi bir arqument irəli sürülmədi.

Bundan başqa, əhalinin bir qismi etinasız insanlardır. Bu qrupu müəyyənləşdirmək lazım idi. Belə hallarda sosioloqlar əhalini 4 qrupa ayırıb öyrənməyə çalışırlar. Birinci kateqoriya proseslərə inananlar, ikinci şübhə ilə inananlar, üçüncü inanmadığını deyib, etiraz edənlər, dördüncü qrup isə etinasızlardır. Sonuncu qrup “sosial bataqlıq” deməkdir. Biz hansı sosioloji araşdırmalar apardıq, nə zaman müəyyənləşdirdilər ki, bu 4 qrupun göstəriciləri nə qədərdir, sosial bataqlıq nə qədərdir. Bunları öyrənərək, elmi metodlarla maarifləndirmə aparılmalıdır. Cəmiyyət gündən-günə dəyişdiyi vaxtda, maarifləndirmənin metodları da dəyişir. Bu işlər getməyib, ona görə də əhalini günahlandırmaq haqsız yanaşmadır".
“Yeni Müsavat”
0

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ