
Həm deputat, həm də keçmiş məhkəmə sistemində rəhbər vəzifələrində çalışan bir şəxs kimi deyirəm ki, Azərbaycan prezidentinin məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi ilə bağlı verdiyi fərman nəticədə məhkəmənin fəaliyyətinin şəffaflaşması və vətəndaşın məhkəmələrə inamının artması ilə nəticələcək.
Bunu açıqlamasında Ali Məhkəmənin sabiq sədri, deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu islahatlar gözlənilirdi və islahatlarla bağlı imzalanan fərmanda məhkəmə-hüquq sistemində çox ciddi islahatların həyata keçirilməsi öz əksini tapıb.
“Keçmiş məhkəmə-hüquq sisteminin işçisi kimi açıq deyə bilərəm ki, bu islahatlardan udan tərəf ancaq vətəndaş olacaq. Yəni islahatların kökündə məhkəmə-hüquq sisteminin şəffaflaşdırılaraq, bu sistemə olan inamın artırılması durur. Çünki fərmanın bütün müddəaları məhkəmə-hüququ sisteminə olan inamın bərpası və bu sistemdəki şəffaflığın təmin olunması məqsədi ilə ciddi islahatların həyata keçirilməsi, hətta yeni qurumların yaradılmasını nəzərdə tutur. Fərmanda xüsusən ölkədə sahibkarlığın inkişafı və sahibkarların hüquqlarının təmin edilməsi kimi ciddi məsələlər öz əksini tapıb.
Fərmanda digər diqqət çəkən məqam isə ölkədə ictimai təhlükə yaratmayan cinayət əməllərinin dekriminallaşdırılması, cinayətin humanistləşməsi, məhkəmə prosesinədək iddiaçı və cavabdeh arasında məsələnin həll olunması kimi məsələlər öz əksini tapıb. Qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı olaraq həm yeni qanunların qəbulu, həm də mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tuutlur. Ölkə başçısı fərmandan irəli gələn məsələlərin həlli istiqamətində təkliflərini hazırlamaq üçün müvafiq dövlət qurumlarına 1 aydan 6 ayadək vaxt verib.
Ölkə başçısı məhkəmələrin effektivliyinin artırılması, məhkəmə işlərinə daha qısa zamanda baxılması məqsədi ilə hakimlərinin sayının artırılması nəzərdə tutur”, - deyə deputat bildirib.
O, eyni zamanda əlavə edib ki, məhkəmə prosesində neqativ hərəkətlərə yol verilməməsi, şəffaflığın təmin olunması və sonda ədalətli, obyektiv qərarların qəbul edilməsi üçün bütün prosesin audio və video yazılı şəkildə həyata keçirilməsi öz əksini tapıb.
“Ümumiyyətlə fərman məhkəmə-hüquq sistemində ciddi islahatların dərinləşməsinə və insanların bu instituta inamının artmasına gətirib çıxaracaq”, - deyə T. Kərimli bildirib.
