
Məlum olduğu kimi ilin payız fəslində kənd təsərrüfatı məhsullarının son yığım mərhəlsi olmaqla həmçinin də əsas satış dövrü başlayır. Bu zaman digər bağ-bostan məhsulları ilə yanaşı kəndlinin güzəranının demək olar ki, əsas maddi təminatının böyük bir hissəsini fındıq, qoz və şabalıdın satışından əldə olunan gəlirlər təşkil edir. Lakin əsasən Qəbələ-Zaqatala iqtisadi regionunda yetişən həmin məhsulların satış üzrə qiymət standartları olmadığından fermerlərdə bu sahəyə demək olar ki, maraq qalmayıb. Əməkdaşımızın sözügedən region üzrə əhali arasında keçirdiyi sorğu zamanı məlum olmuşdur ki, bir çox fermerlər növbəti illər üçün fındıq bağlarını digər məhsullarla əvəz etmək niyyətindədirlər. Fındığın alqı-satqı qiymətindən narazı sakinlərin dediklərinin həqiqətə nə dərəcədə uyğun olub olmamasını yoxlamaq məqsədilə tərəfimizdən keçirilən monitorinq zamanı məlum oldu ki, fındığın qiyməti gün ərzində 50-70 qəpik fərqlə dəyişir. Məsələn; günün birinci yarısında hər kiloqramı üç manata satılan fındıq həmin günün digər vaxtlarında 2.50 manata alınır. Növbəti gün isə hətta 2.30 manata, iki gün sonra isə hər kiloqramının alış qiyməti 3.20 manat təşkil edir. Adlarının açıqlanmasını istəməyən alıcılar tərəfindən qiymət fərqinin kəskin dəyişməsinin hansı səbəblərdən baş verməsinə dair suallarımıza cavab olaraq bildirildi ki, "əşşi onsuzda kənd camaatı yoxsulluq içində yaşayırlar. Hansı qiymətə alsaq o qiymətədə satacaqlar. Ancaq bəzi hallarda xaricə ixrac etməyə təcili məhsul lazım gəldikdə fındığın qiymətini qaldırırıq ki, ixrac məhsul planımızı yerinə yetirə bilək"
Məlum olduğu kimi fındıq bir çox qida-qənnadı məhsullarının hazırlanmasında əsas rol oynamaqla yanaşı ölkə iqtisadiyyatına daha çox gəlir gətirən çoxillik kənd təsərrüfatı məhsulları siyahısında ön yerlərdədir. Ancaq fermerlər tərəfindən bu sahəyə olan maraq itdiyindən çox güman ki, yaxın gələcəkdə ölkəmizdə fındığa olan təlabatın ödənilməsi xarici ölkələrdən idxal hesabına həyata keçirilmək məcburiyyətində qalacaq.
Ümid edirik ki, bu məqalədən sonra aidiyyatı qurumlar mövzunu diqqət mərkəzində saxlayacaqlar.
Elnur Mahmudov
