
Turan Elləri İctimai Birliyi Türksoylu və Türkdilli coğrafiya məkanında fəaliyyət göstərən oxşar məramlı təşkilatlarla tanıtım və qarşılqlı əməkdaşlıq xarakterli görüşlərə başlayıb.
Bu günlərdə Turan Elləri İB-nin təsisçiləri – Qarabağ savaşının qaziləri Xaqani Rzaquliyev və Abbas Hüseynli Qazaxıstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, Turan Hərəkatı Partiyasının (THP) Azərbaycan üzrə təmsilçisi Araz Xudiyevlə görüşüblər.
THP –nin neçə illərdir bu yöndə gördüyü işlərdən, Türsoylu, Türkdilli ölkələrin qarşılıqlı sıx mədəni, ictimai-siyasi inteqrasiyasının tarixi zərurətindən danışan Araz Xudiyev ortaq mədəniyyət və ortaq tarix kimi vacib məsələləri də xüsusi olaraq vurğulayıb. Onun fikrincə, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq, məsləkdaşlıq əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə inkişafı üçün hər birimizin üzərinə məsul vəzifə düşür. Siyasi müstəvidə iki qardaş ölkə arasındakı birgə və etibarlı əməkdaşlıqdan məmnunluğunu ifadə edən Araz Xudiyev bu xüsusda dövlət başçıları arasındakı yaxın və səmimi münasibətin daha uğurlu prespektivlər vəd etdiyini önə çəkdi.
Turan Elləri İB-nin həmtəsisçisi Abbas Hüseynli deyilənlərə həmrəy olduğunu, Türkiyədə, Orta Asiyada, eləcə də planetin başqa bucaqlarında yaşayan Türk toplumların təşkilatlanmasının əhəmiyyətini xüsusi olaraq qeyd edib. O, Əmir Teymurun “Turan bir üzükdürsə, onun zümrüd qaşı Azərbaycandır”- kəlamını xatırladaraq, dedi ki, öncə Azərbaycanın, sonra Türk dünyasının bütövləşməsinə öz töhfəmizi verməyə çalışmalıyıq. “Bu istiqamətdəki fəaliyyətlərdə “Bir olaq-Diri olaq” prinsipi əsas götürülməlidir”-deyən A.Hüseynli Qarabağ problemini Türk dünyasının probleminə çevirməyi və bu yolla arzuedilən nəticəyə nail olmanın mümkünlüyünü məqbul variant saydı. Qarabağ qazisi Xaqani Rzaquliyev isə bu gün yaranmış tarixi şəraitin Turan dünyasının vahid güc, vəhdət halında birləşməsi üçün bir fürsət olduğuna diqqəti çəkərək, bu məqsədə çatmaqdan ötrü Turan Elləri İctimai Birliyinin öz qarşısına dəqiq və aydın hədəflər qoyduğunu açıqlayıb.
Araz Xudiyev
Qazaxıstanda fəaliyyət göstərən
Dünya Azərbaycanlıları Konqresinin rəhbəri

