
POLİSİN TƏLƏB ETDİYİ RÜŞVƏTİ VERMƏK ÜÇÜN PUL AXTARAN ŞƏXS GÖR HARA MÜRACİƏT ETDİ!..
Kanal1.az xəbər portalının baş redaktoru Arzu Həsən oğlu Orucov polisin tələb etdiyi rüşvəti vermək üçün Azərbaycan Respublikasının I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Arzu Orucov bildirir ki, özünə məxsus 20 BT-877 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilini texniki baxışdan keçirmək üçün müraciət etdiyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin əməkdaşı, Mehdi adlı polis kapitanı ondan qanunsuz olaraq 186 manat rüşvət tələb edib, halbuki, texniki baxış üçün dövlət rüsumu 33 manatdır. İmkansız olduğu üçün məsələnin başqa həll yolunu görməyən A.Orucov üz tutduğu Heydər Əliyev Fondundan maddi köməklik istəyib.
“Deryaz.az” saytı olaraq öz növbəmizdə məsələni araşdırmaq məqsədilə sözügedən Şöbənin rəis müavini Həsən müəllimə zəng vurub suallarımızı verdik. Rəis şikayətin təfərrüatını bizdən öyrənəndən sonra araşdıracağını vəd etdi: “Mehdidən başqa bir şikayət olmuşdu, şikayətçi gəlib izahat yazaraq səhvini boynuna aldı, getdi. Qoy baxım görüm, odurmu?” Sonra isə araşdırmanın nəticəsi barədə bizə məlumat verilmədi.
Ocaq yanmasa, tüstüsü çıxmaz. Belə qənaətə gəldik ki, Mehdidən şikayət edənlər heç də az deyil və onların heç də hamısı bunu səhvən etmirlər. Böyük ehtimalla şikayətçi daha ondan rüşvət tələb olunmaması ilə kifayətlənərək “səhv etdiyini” izahatda göstərib.
Avtomobillərin texniki baxışı zamanı bir çox nəqliyyat sahibləri, avtomobilləri saz olduğu halda incidilir, amma elə nəqliyyat vasitələri də olur ki, yola çıxmağı təhlükə mənbəyi olsa da, nədənsə texniki baxışdan keçirilir. Bütün bu işlərin nəticəsi yollarda naşı sürücülərin artmasına və eyni zamanda elə qəzaların da silsilə ilə çoxalmasına gətirib çıxardır.
Xatırladaq ki, Eldar Əliyevin rəhbərlik etdiyi Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində baş alıb gedən qanunsuzluqlar barədə son bir neçə ayda tanınmış jurnalist Əvəz Zeynallı, deputat Müşfiq Cəfərov da KİV-də tənqidi çıxış edərək, orada sürücülük vəsiqəsinin 1200 manata satıldığını və belə əməllərdən dövlətin sarsıldığını deyiblər.
Bundan başqa, internet resurslarında I qrup əlil, şəhid qardaşı İsgəndər İsgəndərovun da video-formatda şikayəti yayımlanıb. İsgəndərov bildirir ki, onun Vətən müharibəsi iştirakçısı olan oğlu da sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində rüşvət tələnbi ilə üzləşib. O, hətta düzəldə bildiyi 900 manatı təklif eləsə də, 300 manat qalıqdan ötrü sürücülük vəsiqəsini verməyiblər.
“Deryaz.az”
