Sizin reklam burada
Sizin reklam burada

Ermənistan özünü ifşa etdi və növbəti dəfə dilindən “tələ”yə düşdü - 97 minlik mina xəritəsi

Ermənistan özünü ifşa etdi və növbəti dəfə dilindən “tələ”yə düşdü - 97 minlik mina xəritəsi




Ermənistan onda mina xəritələrinin olmadığını iddia etsə də, Azərbaycanın haqlı mövqeyinin və uğurlu diplomatik-siyasi-hərbi gedişlərinin qarşısında cəmi 7 ay dözə bildi və ilk addımı atdı.

Ötən həftə Ermənistanın Ağdam ərazisində mövcud olan 97 (!) min tank və piyada əleyhinə olan minanın xəritələrini Bakıya təhvil verməsi dolayı və birbaşa yollarla İrəvanın siyasətini müdafiə edən dairələr üçün heç şübhəsiz ki, gözlənilməz oldu. Çünki həmin dairələr Ermənistandakı revanşizm meyllərinin artması halında proseslərdən qazancla çıxacaqlarını zənn edirdilər və ocağı davamlı şəkildə körükləyirdilər. Azərbaycan 10 noyabr üçtərəfli sazişindən sonra ən ciddi uğurlardan birinə imza atdı. Ermənistanın 1993-cü ildən bəri Ağdam ərazisində basdırdığı minaların nə dərəcədə fəlakətlərə səbəb ola biləcəyini elə qeyd olunan rəqəm özü deyir. Özü də bu, təkcə bir rayon ərazisinə aid minadır. Belə çıxır ki, Ermənistan ötən 28 ildə əsasən mina alıb. Amma unutmayaq ki, Ermənistanın özündə də işğal dövründə mina istehsalına başlanılıb. Özü də bu minaların əksəriyyəti plastik çərçivədə olanlardır ki, minaaxtaranlarla onları aşkarlamaq çox çətindir. Bu mənada mina xəritəsinin alınması böyük risklərdən sığortalanmağımız deməkdir. Xatırladaq ki, müharibənin başa çatmasından sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 140-dan çox insan minaya düşüb, 27 şəxs mina partlaması nəticəsində həlak olub. Bir zəruri qeydimizi də edək: Ağdama “səpilmiş” mina xəritələrinin statistikası növbəti dəfə təsdiqləndi ki, Azərbaycanın Ali Baş Komandanı torpaqların azad edilməsi uğrunda əks-hücum əmri verməklə, müharibəyə məhz cənub cəbhəsindən başlamaqla çox böyük qərara imza atıb. Üstəlik, Ağdamın boşaldılması üçün Ermənistana vaxt verilməsi də uğurlu addım olub. Əgər on minlərlə minanın “əkildiyi” Ağdam müharibə yolu ilə işğaldan azad edilsəydi, hərbçilərimiz minalara düşərək həlak olacaqdı, hərbi texnikalarımız sıradan çıxacaqdı, itkilərimiz qat-qat çox olacaqdı. Üstəlik, minalı sahədə - “Ohanyan səddi”ndə irəliləmək də çətin olacaqdı, onqat itkilər də öz yerində...

Heç şübhəsiz ki, Ağdamdakı vəziyyətlə bağlı Azərbaycanda ciddi kəşfiyyat məlumatı olub. Ermənistan Azərbaycan Ordusunu Ağdam istiqamətindən gözlədiyi halda, onu şoka salan qərar verildi ki, bunun da ilkin səbəbi ərazilərin minalanması idi.

Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərin etimadnamələrini qəbul edərkən Ermənistana növbəti xəbərdarlığını etmişdi: “Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb. Bu yaxınlarda, beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq”, deyə, ölkə başçısı bildirib. Prezident xatırladıb ki, ötən il noyabrın 10-da imzalanmış bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə bəyanat deyil. “Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir”.

Nikol Paşinyan bazar günü Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışı zamanı bəyan edib ki, Azərbaycana minalanmış ərazilərin Ermənistanda olan xəritələrin kiçik bir hissəsi verilib. Paşinyan Ermənistan müxalifəti tərəfindən səsləndirilən bütün minalanma xəritələrinin Azərbaycana verildiyi haqda iddiaları təkzib edib. “Biz minalanmış ərazilərin xəritələrini ötürmüşük (Azərbaycana), lakin bu, bizdə olan xəritələrin çox kiçik hissəsidir. Deyə bilməzdim ki, əhəmiyyətsiz, lakin kiçik hissəsidir”, - Paşinyan deyib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə bəyanat yayıb. Musavat.com xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qulluqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir. ”Azərbaycanın işğaldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu. Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir. Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə qətiyyətlə işğaldan azad edilmiş digər rayonların da mina xəritələrinin verilməsini tələb edir, bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram".

Qeyd olunduğu kimi, rəsmi İrəvan Ağdamın mina xəritəsini təqdim etsə də, digər rayonlarla bağlı addım atmağa tələsmir. Bu arada Serk Sərkisyan və digərlərinin ittihamlarına cavab olaraq Nikol Paşinyan etiraf edib ki, Ağdamın xəritəsi verilsə də, Qarabağın digər rayonlarının mina xəritələri onlardadır. Bu, faktiki olaraq insanlığa qarşı cinayət, soyqırım təşəbbüsünə dəstək vermək, rəvac verməkdir. Sual yaranır, Ermənistan tam xəritəni verməkdən niyə imtina edir? Bunun üçün düşmənin şərti nədir? Heç şübhəsiz ki, Azərbaycanda olan diversantların tam şəkildə azad olunmasını istəyirlər, amma bu, mümkün deyil.

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Ermənistan dövlətinin özü dədə-baba torpaqlarımızda basdırılmış ən böyük minadır: “Onu zərərsizləşdirə bilməsək, bizim Azərbaycan üçün hər zaman təhlükə qalacaqdır. Gələcək perspektivdə bütün siyasətimiz və ideologiyamız bu istiqamətdə olmalıdır. Baxın, biz nə qədər murdar, xalqımızın qanına susamış bir düşmənlə üz-üzəyik. Müharibənin Ağdam istiqamətindən başladılması ideyası və buna təkidlə gedilməsi fikri düşmənə işləyən yüksək çinli hərbçilərin Azərbaycanı məhv etmək planı idi və şübhəsiz ki, xarici kəşfiyyatın əməlləri olmuşdur. İndi siz təsəvvür edin, hələ bildiyimiz 97 min minalı sahədə hansı faciələr yaşayacaqdıq. Bu gün həmin minaların xəritəsinin bir hissəsinin əlimizdə olması Ağdamın danışıqlar yolu ilə azad edilməsi siyasətinin doğruluğunu ortaya qoyur. Digər - Laçın və Kəlbəcər də eynilə. Paşinyan deyir ki, mina xəritəsini Lavrova vermişdir. Əgər belə isə nəyə görə Rusiya bu qədər vaxtda həmin xəritəni Azərbaycana verməmişdir və bunun arxasında hansı məqsəd dayanır? Ermənistanın əlində olan xəritələrin hamısını almaq üçün onu məcbur etmək lazımdır. Görürük ki, xahiş-minnətlə, anlaşma ilə bu iş alınmır. Azərbaycanın əlində Ermənistanı bir çox məsələlərə məcbur etmək vasitələri vardır. ”Hərbi əsirlər" onlardan biri idi. Əlimizdə Laçın koridorunu bağlamaq kimi bir vasitə üzərində də işləmək lazımdır... İndiki halda Ermənistan heç bir şərt irəli sürə bilməz. Şərti qalib tərəf qoyur və onu məcbur edir. Azərbaycanın hələ də işğal altında əraziləri var. Qazağın kəndləri, Kərki və b. irəlidə bu ərazilərin boşaldılıb təhvil verilməsi prosesi də başlayacaq. Azərbaycan dünyada gedən proseslərdən, böyük dövlət başçılarının görüş və açıq- gizli razılaşmalarını düzgün oxumalı, milli maraqlarımızdan çıxış edərək diplomatik manevrlər etməlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun da bu mövzu ilə bağlı maraqlı fikirləri var: “Nikol Paşinyana müxalif olanlar geri qayıdan 15 ermənidən çox ”minalanmış xəritələri Azərbaycana təhvil vermək olmazdı" deməyə başlayıblar. Yəni bu qatillərin fikrincə, həmin minalarda mülki vətəndaşlar bundan sonra da həlak olmalıydılar. Onların məntiqinə görə, azərbaycanlılar həmin minalarda partlayaraq ölməli və bununla azərbaycanlıların Qarabağa köçü gecikməli idi. Erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, bəs Azərbaycan minaların təmizlənməsinə vaxt və xeyli maliyyə xərcləyəcəkdi. Erməni müxaliflərdən biri isə açıq deyib ki, Ağdam minalardan təmizlənəndən sonra Qarabağ erməniləri üçün başlıca təhlükəyə çevriləcək".

E.Şahinoğlu hesab edir ki, onlar bu məsələdə haqlıdırlar: “Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi. Ağdam satqınlıq nəticəsində işğal olunmasaydı, erməni separatizminin sonunu daha əvvəl gətirəcəkdi. Ağdamı yenidən istehkama çevirməliyik. Ağdama 100 min insanımızı köçürməklə yanaşı hərbi kazarmaların sayı da çox olmalıdır. Ağdamla yanaşı Qarabağın hər yerini, o cümlədən strateji Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki, vətəndaşlarımızın bu bölgələrdə rahat və təhlükəsiz həyatları təmin olunsun”.

QAT sədri Akif Nağı bildirdi ki, mina xəritələrinin alınması, əlbəttə, diplomatik uğurdur: “Düşmən Azərbaycanın haqlı tələbləri qarşısında güzəştə getməli oldu, beynəlxalq təşkilatlar haqlı olduğumuzu etiraf etdi. Eyni zamanda ermənilər xəritələri təhvil verməklə özlərini ifşa etmiş oldular. 97 min rəqəmi səsləndi, ermənilər özləri Ağdam rayonu ərazisinə bu qədər mina basdırdıqlarını etiraf etdilər. Aydındır ki, hərbi məqsədlər, məsələn, əks tərəfin qoşunlarının irəliləməsi üçün bu qədər mina basdırmağa ehtiyac yox idi. Deməli, ermənilər bu qədər minanı mülki əhaliyə qarşı basdırıblar. Bununla da özlərini ifşa etdilər. Azərbaycan bu faktı qabartmalı, beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”.

A.Nağının fikrincə, mina xəritələri ilə bağlı bu və digər nəticələri qeyd etmək olar. Amma bunun müqabilində erməni terrorçularının qaytarılması düzgün deyil: “Hüquq-mühafizə orqanlarımız, o cümlədən məhkəmələrimiz deyir ki, onlar canidirlər, o biri tərəfdən də onları açıb geri qaytarırıq. Bunu qətiyyən düzgün hesab etmək olmaz. Digər tərəfdən, ermənilər artıq xəritələri qaytarmağa başlayıblar. Bu istiqamətdə beynəlxalq təzyiqləri artırmalıyıq ki, xəritələrin hamısını versinlər. Digər təzyiq forması kimi, Azərbaycan bütün təmaslardan imtina edə bilər. Təmaslardan imtina Rusiyanın maraqlarına zərbə vurur, ona görə Rusiya da xəritələrin verilməsində daha təkidli ola bilər. Rusiyanın özündən tələb etməliyik ki, mina xəritələrinin verilməsini təmin etsin. O xəritələrin çoxu, bəlkə də hamısı vaxtilə Rusiya hərbçiləri tərəfindən çəkilib, böyük ehtimalla Rusiyanın nəzarətində saxlanılır. Başqa bir məsələ isə odur ki, ermənilər xəritələrin müqabilində ”əsirləri" istəyirlər, barter mübadiləsi təklif edirlər. Onlara başa salmaq lazımdır ki, istənilən barterdə məntiq və ekvivalentlik olmalıdır". QAT sədrinin sözlərinə görə, biz ermənilərə başqa bir şey təklif etməliyik: “Bu, qoyun sürüsü, Bakıda yaşayan ermənilərin bir hissəsi, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığının saxlanılması, Qarabağda xırda cinayət törətmiş ermənilərə ümumi amnistiya və sair ola bilər. Terrorçuları, diversantları dəyişdirmək praktikasına son qoyulmalıdır. Heç vaxt imkan vermək olmaz ki. ermənilər bizə şərt irəli sürsünlər”.

Yeri gəlmişkən, N.Paşinyan seçicilərlə görüşdə iddia edib ki, mina xəritələrini hələ çoxdan Rusiya XİN rəhbəri S.Lavrova veribmiş. Hələlik Rusiyadan reaksiya gəlməyib. İstənilən halda Kreml məsələyə aydınlıq gətirməlidir...Mina xəritələrini gizlətməklə nəyə nail olmaq istəyib sülhməramlı tərəf?

İstənilən halda, Paşinyan “dilindən tələyə düşüb”, həm növbəti xəritələrin olduğunu etiraf etməklə, həm də xəritələri Rusiyaya verdiyini bildirməklə...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş