
Azərbaycan Böyük Vətən müharibəsində böyük zəfərlər qazanır. Hər gün yeni kəndlərin, rayonların işğaldan azad olunması xəbəri əhalidə böyük ruh yüksəkliyi yaradır. Əlbəttə, hərbi yolla torpaqlarımızın azad edilməsi həm də şəhidlərimizin qanı bahasına başa gəlir. Münaqişənin davam etdiyi 30 il ərzində hər il nə qədər əsgərlərimiz şəhid olub, bu gün isə hətta 2000-ci illərdə dünyaya gələn gənclərimiz Vətən uğrunda canından keçir. Müharibə şəraitində olan ölkə kimi əhalinin sayının ildən-ilə artması, demoqrafik göstəricilərin yüksəlməsi Azərbaycanda sosial siyasətin prioriteti olmalıdır. Bu gün əhalinin say artımı nə qədər sürətli olsa da, ailələrdə doğulan uşaqların sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb. Əksər ailələr 1, maksimum 2 uşaq dünyaya gətirir.
Çoxuşaqlı ailələrin tarixə qovuşmasının əsas səbəbi maddi problemlərdir. Hər yeni doğulan uşağın gündəlik qayğıları ilə yanaşı, səhiyyə xərcləri, bir neçə il sonra təhsil xərcləri gündəmə gəlir. Doğuma görə analara birdəfəlik müavinət verilsə də, hazırda uşaqpulu məsələsi gündəmdə deyil. Bir neçə ildir ki, uşaqpulunun verilməsi dayandırılıb və ünvanlı sosial yardımla əvəzlənib. Bu, kütləvi olmadığı kimi uşaqları da əhatə etmir, çoxsaylı imkansız ailələr müxtəlif səbəblərdən bu proqramdan kənarda qalır. Ümumi ictimai rəy isə belədir ki, ölkədə doğumun sayını artırmaq üçün uşaqlara yönəlik sosial dəstək proqramları hazırlanmalıdır. Həbri xidmət üçün daha çox oğlan uşaqlarının dünyaya gətirilməsinə gəlincə, bu məsələdə Azərbaycan mentallitetinin yazılmamış dəyərləri yetərincə təsir gücünə malikdir və əlavə proqram və təşviqə ehtiyac yoxdur. Şərq cəmiyyətlərində olduğu kimi, əksər ailələr daha çox oğlan uşağının dünyaya gəlişində maraqlıdır.
Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ailədə ən azı 3 uşaq olmalıdır ki, əhalinin artımı mənfi indeksə keçməsin: “Mən uzun illərdir müsahibələrimdə deyirəm ki, bir ailədə ən azı 3 uşaq olmalıdır. Çünki bir ailədə 1 uşaq olanda, o uşaq normal insan kimi formalaşa bilmir. Onun evdəki həmsöhbətləri ata, ana, baba, nənə, yəni yaşca böyük insanlar olur. Körpə uşaq mühitində formalaşa bilmir, yaşlı insanlarla bir yerdə böyüyür. Bu bir çox məqamlarda onun psixologiyasına ziyan vurur. Evdə iki uşaq olanda isə onlar münaqişəyə daha çox meylli olurlar. Ailələrdə 1-2 uşağın olması demoqrafik artımın sıfıra düşməsi deməkdir, əhalinin artımı mənfi indekslə davam edir ki, bu arzuolunan hal deyil. Çünki övladı olmayan ailələr də var. Ölkədə əhali azalır, bu zaman başqa ölkələrdən miqrantlar gəlir, miqrantlar gələndə əhalinin etnik tərkibi dəyişir. Bu da gələcəkdə xeyli problemlər yaradır, necə ki, başqa ölkələrdə bunu müşahidə etmişik. Fransada vəziyyət belədir. Ən yaxşısı odur ki, evdə 3 uşaq olsun, bu zaman onların bir-biri ilə qarşılıqlı anlaşması da yaxşı olur, evdə bir uşaq mühiti olur. Ölkədə isə əhali artımı olur”.
Sosioloq bildirdi ki, Azərbaycan ailə modelində ata, ana və ən azı 3 uşaq olmalıdır: “Bəzən tanınmış fikir adamları imkansız ailələrlə bağlı belə bir fikir səsləndirirlər ki, niyə bu qədər uşaq dünyaya gətirirdin? Bu olduqca yanlış və dövlətçilik baxımından ziyanlı fikirdir. Dünyaya gələn övlad təkcə ata və ananın deyil, dövlətin övladıdır. Ata-ana ölkə üçün əsgər, alim, mütəxəssis yetişdirir. Ona görə də burada valideynlə dövlət arasında bir qarşılıqlı anlaşma olmalıdır, valideyn uşağı dünyaya gətirdi , onu təkcə özü üçün böyütmür. Dövlət bu uşaqların böyüdülməsinə dəstək verməlidir, elə olmalıdır ki, hər evdə 3 uşağın yaşaması, dolanması mümkün olsun. Bu uşaqlardan bəziləri böyüyüb xaricə gedir, bəziləri dünyasını dəyişir. Dövlət qurumları əhaliyə kömək etməsə, bu, böyük bir böhrana çevriləcək. Ciddi qanun layihələri olmalıdır, hüquqi baza olmalıdır. İndiki müharibə vəziyyəti də onu göstərir ki, uşaq təkcə valideynin deyil. Valideyn 18 il təkbaşına uşaq böyüdür, daha sonra isə vətən, torpaq onu savaşa çağırır. Bu boşluğu aradan qaldırmalıyıq. Ciddi elmi əsaslı fəaliyyət proqramları olmalıdır, hələ də uşaqların keyfiyyətli, sağlam, vətənpərvər böyüməsi valideynlərə kömək lazımdır. Müharibə qələbə ilə yekunlaşdıqdan sonra bu istiqamətdə ciddi işlər görmək lazımdır”.
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov isə vurğuladı ki, ölkəmizdə demoqrafik vəziyyət normal olsa da, bu səviyyədə saxlanılması üçün əlavə dəstək proqramlarına ehtiyac var: “Qonşu ölkələrdən, Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda demoqrafik vəziyyət kifayət qədər yaxşıdır. Ancaq buna baxmayaraq, o səviyyəni saxlamaq, demoqrafik artım sürətini optimallaşdırmaq üçün sosial proqramlar olmalıdır. İqtisadiyyatın daha yaxşı inkişafı, müəssisələrin işləməsi, insanların evlərinə normal qazanc apara bilməsi də bu məsələdə önəmlidir. Uşaq planlaşdıran ailələr əvvəlcə onu fikirləşir ki, onu necə saxlayacaqlar, ehtiyaclarını necə təmin edəcəklər. İnsan ailənin maddi gəlirinə, qazancına arxayın olduqdan sonra, dövlətin dəstəyini gördükdən sonra ailədə 1-2 yox, 2-4 uşağın olması ilə bağlı qərarlar qəbul edə bilər. Ancaq maddi sıxıntılar, dövlət dəstəyinin yetərli olmaması isə bu prosesə mənfi təsir edir. Hər bir normal insan düşünür ki, bu uşağı dünyaya gətirdikdən sonra onu necə saxlayacaq. Buna görə də Qarabağ azad olduqdan sonra, pandemiya məsələsi gündəmdən çıxdıqdan sonra iqtisadiyyatımızın sürətli inkişafını təmin edib, ölkənin maliyyə potensialını yüksək səviyyəyə çıxartmaqla ailələrin də gəlirlərinin artmasına nail olmaq lazımdır. Dövlətin də sosial dəstəyi güclənməlidir”.
Sabiq nazirin sözlərinə görə, bu mövzuda əsas məsələ uşaqpulunun verilməsidir ki, o da tez-tez gündəmə gəlir: “Ancaq pandemiya səbəbindən dövlət gəlirlərinin azalması, ölkədə müharibə getməsi və bunun kifayət qədər ciddi xərclərə səbəb olması səbəbindən uşaqpulu məsələsi hazırda gündəmdə deyil. Ancaq yəqin ki, bu problemlər çözüldükdən sonra uşaqpulu məsələsi də gündəmə gələcək. Ermənistan bu gün böyük bir demoqrafik problem yaşayır, 60 yaşında insanları orduya səfərbər edirlər ki, orada hansısa işin qulpundan yapışsın. Bizdə isə vəziyyət kifayət qədər yaxşıdır və bu müsbət həddin qorunması üçün dövlətimiz gələcəkdə də sosial proqramlar hazırlamalıdır”.
Uşaqların dünyaya gəlməsi ailələrdə bəzi uşaq məhsullarına tələbatı artırır, həmin məhsullar isə bu gün ölkə daxilində istehsal olunmadığından xaricdən çox baha gəlir. Söhbət süni qidalardan və uşaq bezlərindən, digər bu kimi ləvazimatlardan gedir. Bu məhsullara həm gömrük rüsumu, həm də ƏDV tətbiq edilməsi son nəticədə ailələrin büdcəsinə mənfi təsir edir, uşaqların xərclərini artırır, valideynləri yeni uşaq dünyaya gətirməkdən çəkindirir.
Bu məsələyə münasibət bildirən F.Yusifov güzəştlərin vacibliyini qeyd etdi: “Sosial paketin tərkibində təkcə yardımlar yox, uşaq qidalarına, digər uşaq məhsullarından vergi və gömrük rüsumlarının götürülməsi də daxildir. Müstəqilliyinin ilk 10 ilində Rusiyada əhali sayı 10 milyon nəfər azaldı. 10 ildən sonra onlar ayıldı ki, ölkə əhalisi kəskin azalır. 10 ildən sonra Rusiya parlamentində bu məsələlər qapalı bir iclasda dinlənildi və hesabat verildi ki, hökumət təxirəsalınmaz tədbirlər görməlidir. Kənar vətəndaşların, xüsusən də MDB ölkələrindən gələnlərin Rusiyada yaşamasını asanlaşdıran qanun qəbul etdilər, qeydiyyat məsələsini asanlaşdırdılar. Vətəndaşlığı olmayanlara və qeyri-ruslara təzyiqləri azaltdılar. Miqrantların hesabına, çox ciddi proqramlar hesabına növbəti 10 ildə bu məsələni bir qədər yoluna qoya bildilər. Dövlət demoqrafik vəziyyəti bütün hallarda nəzarətdə saxlamalıdır və burada rıçaqların hamısından mümkün dərəcədə istifadə etmək lazımdır”.
