
Pandemiya dövründə elan olunan karantin qaydalarına uyğun olaraq, kütləvi tədbirlərə icazə verilmədiyi kimi, Məhərrəm ayının 10-cu günü, Aşura günü də kütləvi əzadarlıq mərasimləri baş tutmayacaq. Ötən illərdən fərqli olaraq bu il, Ramazan və Qurban bayramlarında olduğu kimi, Aşura mərasimlərini də evlərində ailələri ilə birgə, ilahiyyatçıların canlı yayımda təqdim etdikləri əzadarlıq məclislərini izləyərək qeyd edə biləcəklər. Hökumətdən yalnız möminlərin qanvermə aksiyasına qoşulması üçün şərait yaradılıb ki, bu da pandemiya dövründə digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi üçün çox mühüm amildir. Məlumat üçün qeyd edək ki, məsələ ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilib ki, bu il Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövründə keçirilir: “Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.
Mərkəzi Qan Bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür".
Müraciətdə daha sonra qeyd edilib ki, qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlardan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələrini, qoruyucu tibbi maskalardan istifadə etmələri xahiş olunub.
Bu il Aşura mərasimləri ilə bağlı məsələyə münasibət bildirən ilahiyyatçı, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda təkcə məscidlərdə deyil, digər sahələrdə də karantin qaydalarına uyğun olaraq kütləvi tədbirlər keçirilmir: “O cümlədən yas və toy mərasimlərinə də icazə verilməyib. Məscidlərdəki kütləvi tədbirlər də bu kateqoriyaya aiddir. Ən ciddi yoluxma riski məhz kütləvi tədbirlərdə olur. Bizdə də hər il Aşura mərasimləri kütləvi şəkildə qeyd olunur. Müəyyən təkliflər səsləndirildi ki, sosial məsafəni qorumaqla Aşura mərasimlərini qeyd etmək olarmı... Ancaq kütləni tənzimləmək mümkün deyil. Sosial məsafə gözləmək də mümkün olmur, dini icmalar da bunu təmin edə bilməyəcəklər. Bu səbəbdən də qərar qəbul edildi ki, Ramazan ayında, Qurban bayramında olduğu kimi, Məhərrəm ayında da mərasimlər kütləvi şəkildə məscidlərdə qeyd olunmasın. Çünki bu yoluxma riskini artıra bilər. İnsanlar da bunu anlayışla qəbul edirlər. Bir çox ölkələrdə də analoji addımlar atılır. Aşura günündə də digər vaxtlarda olduğu kimi din xadimləri sosial şəbəkə vasitəsilə canlı yayımda müəyyən çıxışlar edəcəklər. İnsanlar öz evlərində də o çıxışları izləyə, ayinləri ailələri ilə birgə icra edə bilərlər”.
İlahiyyatçı onu da vurğuladı ki, Aşura günü qan vermək istəyən insanlar Qan Bankına müraciət edə bilərlər: “Orada qaydalara riayət etmək şərti ilə qanvermə təşkil olunacaq. Hər il olduğu kimi qanvermə aksiyalarında iştirak edə bilərlər. Hər il ehsan verən insanlar, böyük süfrələr açan insanlar həmin vəsaitləri ərzaq yardımı şəklində ehtiyaclı insanlara yönəldə bilərlər. Bu kimi addımlar Aşura günü atıla bilər. Təziyə mərasimləri də canlı yayım vasitəsilə icra oluna bilər, insanlar da öz evlərindən oraya qoşula bilər”.
