Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Texnikası şöbəsinin illik tədbirlər planına uyğun olaraq Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi rayon Dövlət Yanğın Mühafizə Hissəsinin həyətində texnikalarının və xilasetmə avadanlıqlarının baxış-təlimini keçirmişdir. Maarifləndirmə tədbirində Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssisə, təşkilatların işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov yanğın avtomobilləri və avadanlıqları, xilasetmə vasitələri, onların təyinatı, yanğından mühafizə hissəsinin gündəlik iş fəaliyyəti barədə danışaraq deyib ki, yanğınla mübarizə ümumxalq işidir.
Şərti həyəcan siqnalından sonra yanğın texnikaları və xilasetmə avadanlıqları hissənin əməkdaşları tərəfindən nümayiş etdirilib. Keçirilən baxış-təlimin gedişatı boyunca yanğınsöndürmə avtomobillərinin və vasitələrinin təyinatı, onların tətbiq olunma qaydaları haqqında məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, fövqəladə hallar zamanı insanların təxliyə olunması nümayiş etdirilmişdir.
Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini Seymur Həsənov yanğınsöndürmənin ən çətin və şərəfli peşələrdən biri olduğu vurğulayaraq söyləmişdir ki, bu sahədə çalışanlar təhlükəsizlik texnikasının təmin edilməsi və sağlamlığın qorunması üçün bir sıra kompleks tədbirləri yerinə yetirməlidirlər. Həmçinin xidməti vəzifələr icra olunarkən zərərli təsirlərin qarşısının alınması üçün bütün gigiyenik və sanitar-texniki tədbirlər həyata keçirilməlidir.
Yanğınların söndürülməsi, yanğınlarda xüsusi işlərin aparılması zamanı təhlükəsizlik tələbləri, eləcə də yanğın avtomobillərinin və qoşqularının, elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları haqqında da tədbir iştirakçılarına məlumat verilmişdir.
Baxış-təlimdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Orxan Həsənov əvvəlcə bütün tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından salamlamış, təlimin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Əyani formada keçirilən belə tədbirlərin qəzalar zamanı müstəsna əhəmiyyət daşıdığını qeyd etmişdir.
Yanğın təhlükəsizliyi qurumlarının maddi-texniki, hüquqi bazasının möhkəmləndirilməsində, yanğın təhlükəsizliyi sistemi üçün milli kadrların yetişdirilməsində, sənayedə və kənd təsərrüfatında yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi üçün hökumət qərarlarının qəbul edilməsində, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açan Orxan Həsənov 1969-1982-ci illərdə, həmçinin ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz dövrdə Ulu Öndər Heydər Əliyevin qayğısı sayəsində əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu xəttin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı
