Sizin reklam burada
Sizin reklam burada

GƏNCƏ VƏ GƏNCƏLİ ALİMLƏR AZƏRBAYCAN ELMİNİN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERMƏKDƏDİRLƏR

GƏNCƏ VƏ GƏNCƏLİ ALİMLƏR AZƏRBAYCAN ELMİNİN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERMƏKDƏDİRLƏR



Görkəmli akademik Fuad Əliyevin rəhbərlik etdiyi AMEA Gəncə Bölməsi Qərb bölgəsini tərəqqiyə aparan yollara işıq salır
Tarixən qocaman Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olmuş Gəncə şəhəri minilliklər boyu öz görkəmli şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınmışdır. Elm tariximizdə ilklərə imza atmış bir sıra dahilər Gəncədə yaşayıb-yaratmışlar. Bir məqalə azlıq edər deyə onların uzun siyahı təşkil edən adlarını bir-bir sadalamaq fikrindən uzağıq. Xüsusən də Gəncə elmi mühitinin müxtəlif illərdə yetirdiyi Elmlər Akademiyasının müxbir və həqiqi üzvlərinin sayı 30-dan çox olmuş və bu alimlər elmin müxtəlif sahələrində çalışmış, bu gün də onların davamçıları fəaliyyət göstərməkdədir. Respublikamızın ikinci elm və mədəniyyət mərkəzi olan Gəncədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Bölməsi, üç universitet, on elmi-tədqiqat institutu və bir elmi-təcrübə stansiyası fəaliyyət göstərir.
AMEA Gəncə Bölməsinin təsis edilməsi Azərbaycan elminin inkişafına ölkə rəhbərinin diqqət və qayğısının göstəricisidir
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və ölkəmizin dinamik inkişafı naminə 70-ci illərdən etibarən elmimizə, təhsilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Şərqin ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində 1980-ci ildə ulu öndərin qərarı ilə Elmlər Akademiyasının Elmi Mərkəzi yaradılmış və onun xeyir-duası ilə mayın 28-də fəaliyyətə başlamışdır. Ulu öndər tərəfindən 4 yanvar 2003-cü ildə imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərmanla AMEA-nın Gəncə Bölməsinin də imkan və səlahiyyətlərinin daha da genişləndirilməsinə, elmi-tədqiqat və təşkilati işlərini yeni, elmi əsaslarla davam etdirilməsinə geniş imkanlar açılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli qərarı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsinin təsis edilməsi Azərbaycan elminin inkişafına ölkə rəhbərinin diqqət və qayğısının göstəricisidir.
Respublika tarixində ilk dəfə təşkil olunmuş elm festivalı paytaxtla yanaşı, Gəncədə də keçirilmişdir. Bölgələrdə əldə edilmiş mühüm elmi nailiyyətlər və onların istehsalata tətbiqi ilə bağlı stendlər təqdim olunmuş, innovativ texnologiyalar əsasında yeni elmi ixtiralar haqqında məlumatlar verilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 aprel 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən Elm Gününün təsis edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi Qərb regionunda olan universitet və elmi-tədqiqat institutlarında aparılan işlər haqqında hesabat xarakteri daşımaqla, həm də daha yüksək elmi nailiyyətlər üçün möhkəm təmələ çevrilmişdir.
Elm tutumlu sahələrdə məşğul olanlara göstərilən dövlət qayğısı, maaşlarının vaxtaşırı artırılması gəncəli alimlərin də fəaliyyətinə stimul verir
Onu da qeyd etməyə dəyər ki, elm tutumlu sahələrdə məşğul olanlara göstərilən dövlət qayğısı, maaşlarının vaxtaşırı artırılması gəncəli alimlərin də fəaliyyətinə stimul verir. Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Beləliklə, AMEA prezidentinin maaşı 1837 manatdan 2570 manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan 1780 manata,AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1177 manatdan 1645 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin maaşı 880 manatdan 1230 manata, idarə rəisinin maaşı 853 manatdan 1190 manata, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin maaşı 825 manatdan 1150 manata, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin maaşı 704 manatdan 980 manata, qeyri-əsas şöbənin rəisinin maaşı 517 manatdan 715 manata, qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 484 manatdan 675 manata, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin maaşı 451 manatdan 630 manata, aparıcı mütəxəssisin maaşı 407 manatdan 570 manata, mütəxəssisin maaşı 374 manatdan 520 manata, arxiv müdiri, təsərrüfat müdirinin maaşı 275 manatdan 385 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, böyük arxivçi, böyük inspektorun maaşı 210 manatdan 310 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun maaşı 195 manatdan 295 manata, texnik, komendant, laborantın maaşı 185 manatdan 270 manata, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb. Ümumən, AMEA işçilərinin maaşları 28.5 - 30,8 faiz aralığında artırılıb. Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minib.
Bu ilin birinci yarısında Gəncənin elmi ictimaiyyəti bir sıra nailiyyətlərə imza atıb
2019-cu ilin birinci yarısında Gəncə alimləri AMEA-nın Gəncə Bölməsinin sədri, akademiK Fuad Əiyevin düşərli rəhbərliyi altında bir sıra nailiyyətlərə imza atıblar. Belə ki, Gəncə alimləri tərəfindən Naftalan neftinin qətransızlaşdırılması, tibb və farmakologiyada istifadəsi ilə bağlı aparılan fiziki-kimyəvi analizlərin ilkin nəticələri açıqlanıb, onların tibbi əhəmiyyəti nəzərə alınaraq yeni tərkibli məlhəmlərin hazırlanmasında mühüm rol oynayacağı gözlənilir.
Qərb bölgəsinin bitki aləminin tədqiqində əldə edilmiş elmi nəticələrə həsr olunan “Kiçik Qafqazın qaya-töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” monoqrafiyası AMEA-nın müxbir üzvü Vaqif Novruzovun rəhbərliyi ilə nəşrə hazırlanır.
Aprel ayında Bakı Mühəndislik Universitetində keçirilmiş “Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı”nda bölmənin gənc alimləri də iştirak ediblər.
AMEA-nın bölmələri arasında ilk qadın təşkilatı məhz Gəncə Bölməsində yaradılıb
Diqqətəlayiq haldır ki, AMEA-nın bölmələri arasında ilk qadın təşkilatı məhz Gəncə Bölməsində yaradılıb. İyul ayında Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar olaraq keçirilən “Heydər Əliyev: gender siyasəti və qadınlar elmdə” adlı konfransda ümummilli liderin elmə verdiyi qiymət və strategiyası barədə məruzələr dinlənilib. Dəyirmi masada AMEA Gəncə Bölməsinin 7 nəfər üzvü olan qadın təşkilatı yaradılıb. Qeyd olunub ki, il yarım öncə AMEA-nın Rəyasət heyətinin qərarı ilə Qadınlar Şurası təsis edilib. Bundan sonra akademiyanın bütün instititları, bölmələri və mərkəzlərində bu şuralar qadın təşkilatları formasında təsis olunub. Əsas məqsəd müxtəlif məsələlər üzrə Rəyasət Heyətinə dəstək göstərməkdir. Milli Məclisin üzvü Pərvin Kərimzadə AMEA Gəncə Bölməsi Qadınlar Təşkilatının fəxri üzvü seçilib. Yeri gəlmişkən, belə bir təşkilatın bölmələrdə də yaradılması işinə ilk olaraq məhz Gəncədə başlanılmasına əsas səbəblərdən biri kimi Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin kifayət qədər böyük kollektivinin olması və ilk demokratik Respublikanın Gəncədə fəaliyyətə başlaması göstərilir.
Gəncə elmi mühitində görkəmli elm xadimlərinin yubileylərinin təşkili, işıqlı xatirələri əziz tutulan mərhum alimlərin anılması ənənəsi sədaqətlə davam etdirilir
Ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanının elmi əsaslarla ilk tədqiqatçısı, “Qorqudşünaslıq” elmi məktəbinin yaradıcısı, Nizami Gəncəvi irsinin tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının, İraq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının Sərəncamının icrası çərçivəsində hazırlanmış “Həmid Araslı-110” monoqrafiyasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Monoqrafiyada ilk dəfə olaraq Bəkir Nəbiyev, Ağamusa Axundov kimi mərhum elm xadimlərinin xatirələri ilə yanaşı, filologiya üzrə fəlsəfə doktorları - Ruziyə Quliyeva, Əzizağa Nəcəfov kimi tədqiqatçıların akademik Həmid Araslı haqqında tədqiqatları yer almışdır.
Gəncə və gəncəli alimlər Azərbaycan elminin inkişafına bundan sonra da mühüm töhfələr verməkdə davam edəcəklər
Dövlət rəhbərinin 9 avqust 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi qurumların hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsi haqqında fərmanlarında elmin inkişafı ilə bağlı mühüm istiqamətlərin öz əksini tapması bunun bariz sübutudur. Verilən sərəncam və qərarların nəticəsidir ki, son illərdə elmimizin, o cümlədən AMEA Gəncə bölməsinin əldə etdiyi nailiyyətlər ilk dəfə olaraq respublikamızda keçirilmiş Azərbaycan alimlərinin I qurultayında geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır.
İnanırıq ki, Gəncə və gəncəli alimlər Azərbaycan elminin inkişafına bundan sonra da mühüm töhfələr verməkdə davam edəcək, görkəmli akademik Fuad Əliyevin rəhbərlik etdiyi AMEA Gəncə bölməsi ölkəmizi, eləcə də Qərb bölgəsini tərəqqiyə, xalqımızı firavanlığına aparan yollara işıq salıb cəmiyyətə düzgün istiqamət göstərəcəklər.

  • Sosial şəbəkədə paylaş